Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Orxan Məmmədov Bərcan kəndində sakinlərlə görüşüb və vətəndaşların səyyar qəbulunu keçirib.
30 oktyabr 2026-cı il tarixində Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Orxan Məmmədov Bərcan kəndində rayonun Bərcan, Ləzir, Şıxlar, Gölyeri və Təzəkənd kəndlərinin sakinləri ilə görüşüb və vətəndaşların səyyar qəbulunu keçirib.
170 nəfərə yaxın sakinin iştirak etdiyi səyyar qəbulda çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı bildirib ki, vətəndaşlarla birbaşa ünsiyyətin qurulması, onların müraciət və təkliflərinin dinlənilməsi, qaldırılan məsələlərin operativ həlli ölkə rəhbərliyinin müəyyən etdiyi əsas fəaliyyət istiqamətlərindən biridir.
Daha sonra sakinlərin müraciətləri diqqətlə dinlənilib, bir sıra məsələlər yerində araşdırılaraq operativ həll olunub. Əlavə araşdırma tələb edən müraciətlər isə nəzarətə götürülərək icrası üçün aidiyyəti qurumlara yönləndirilib.
Sonda kənd sakinləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.
Qəbuldan sonra RİH başçısı Orxan Məmmədov şəhid Elməddin Talıbov və Mehman Zamanovun məzarlarını ziyarət edib.








