Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Orxan Məmmədov Ostayır kəndində səyyar qəbul keçirib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş müraciətlərinə həssaslıqla yanaşılması, onların operativ və obyektiv şəkildə araşdırılması ilə bağlı tapşırıqlarının icrasına uyğun olaraq Yardımlı Rayon İcra Hakimiyyəti başçısının oktyabr, noyabr və dekabr ayları üzrə rayonun bütün yaşayış məntəqələrini əhatə edən səyyar qəbul qrafiki təsdiq edilib. Qrafikə əsasən, cari ilin noyabr ayı ərzində rayon ərazisində ümumilikdə 15 səyyar görüşün keçirilməsi nəzərdə tutulub.
Təsdiq olunmuş qrafikə uyğun olaraq, Yardımlı RİH başçısı Orxan Məmmədov 13 noyabr 2026-cı il tarixində Ostayır kəndində Ostayır və Dəlləkli kəndlərinin sakinləri ilə görüşüb və vətəndaşların səyyar qəbulunu keçirib.
160 nəfərə yaxın sakinin iştirak etdiyi görüşdə çıxış edən RİH başçısı Orxan Məmmədov son illər Yardımlı rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində görülən işlər, eləcə də vətəndaşların sosial rifah halının yaxşılaşdırılması məqsədilə ölkə rəhbərliyi tərəfindən həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.
Daha sonra sakinlərin müraciətləri dinlənilib. Qaldırılan bir sıra məsələlər yerindəcə araşdırılaraq operativ şəkildə həllini tapıb, əlavə araşdırma tələb edən müraciətlər isə nəzarətə götürülərək icrası üçün aidiyyəti qurumlara yönləndirilib.
Bununla yanaşı, əvvəlki səyyar qəbullar zamanı vətəndaşlar tərəfindən qaldırılmış məsələlərin həlli istiqamətində ardıcıl tədbirlər davam etdirilir. Sakinlərin müraciətlərinə əsasən Vərgədüz və Hamarkənd kəndlərində “MilliÖn” ödəmə terminalları, Şəfəqli kəndində isə müasir “Bankomat” quraşdırılaraq əhalinin istifadəsinə verilib. Yol infrastrukturunun təkmilləşdirilməsi və hərəkət təhlükəsizliyinin təmin edilməsi məqsədilə Yardımlı–Deman–Arvana avtomobil yolunun Avaş kəndindən keçən 17,3-cü kilometrliyindəki sərt döngə genişləndirilib. Şəfəqli kəndində kənddaxili təbii qaz xətlərinin əyilmiş hissələri operativ şəkildə bərpa olunub. Rayonda aparılan abadlıq işləri çərçivəsində Şəhidlər xiyabanının önünə yeni asfalt örtüyü salınıb.
Görüşdə çıxış edən sakinlər göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Səyyar qəbul başa çatdıqdan sonra RİH başçısı Orxan Məmmədov torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış qəhrəman Vətən övladları Zairli Zahid Azad oğlu, İmanov Mahir Alixan oğlu və Ziyadov Famil Kamil oğlunun məzarlarını ziyarət edib.








