Yardımlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda tədbir keçirilib.
YAP Yardımlı rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda tədbir keçirilib.
Tədbirdə RİH-nin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon bölməsinin əməkdaşları, Vətən müharibəsi veteranları, qazilər, ümumtəhsil müəssisələrinin hərbi rəhbərləri və çağırış yaşlı gənclər iştirak ediblər.
Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Tədbirdə ordu quruculuğu sahəsində müasir və modern Azərbaycan Ordusunun yaradıcısı Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən çox uğurla davam etdirildiyi, Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən güclü orduları ilə bir cərgədə olmasından, 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun göstərdiyi rəşadətdən, qazanılan tarixi zəfərdən bəhs edilib.