Yardımlı rayonunda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.
Tədbirdə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, Milli Məclisin sədr müavini, professor Musa Qasımlı, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev, YAP Yardımlı rayon təşkilatının sədri Anar Alışov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ağsaqqallar, şəhid ailələri, qazilər, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və rayon ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə hesabat məruzəsi ilə çıxış edən Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov yola saldığımız ildə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında baş vermiş mühüm hadisələrdən danışıb. Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 2025-ci il ölkəmizdə inkişaf və tərəqqi ili olmuşdur. Dövlət başçısının siyasəti nəticəsində ölkədə sabitlik və təhlükəsizlik təmin edilmiş, iqtisadi və sosial sahələrdə mühüm nailiyyətlər əldə olunmuşdur. Bu inkişaf Yardımlı rayonunda da əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına və abadlıq işlərinin sürətləndirilməsinə imkan yaratmışdır. Bu gün Azərbaycanın dünyada ən sürətlə və dinamik inkişaf edən dövlətlərdən biri olduğunu, əhalinin rifah halının ildən-ilə yüksəldiyini vurğulayan Ayaz Əsgərov Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün bərpası və regionda yaranmış yeni reallıqların xalqımızda böyük qürur hissi oyatdığını qeyd edib.
RİH Başçısı Ayaz Əsgərov həmçinin onu da vurğulayıb ki, davamlı olaraq bütün sahələrdə aparılan məqsədyönlü işlər və uğurlu nəticələr rayonumuzun sakinlərini də ruhlandırır, rayon əhalisi ölkə rəhbərinin həyata keçirdiyi uğurlu daxili və xarici siyasəti daim dəstəkləyir və onun ətrafında sıx birləşərək əsl vətəndaş mövqeyi nümayiş etdirir.
RİH başçısı hesabat dövründə 2025-ci ildə rayonda sosial-iqtisadi, kənd təsərrüfatı, turizm və digər sahələrdə görülmüş işlər və qarşıda duran vəzifələrə dair məlumat verib.
İclasda Milli Məclisin sədr müavini, professor Musa Qasımlı, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Ərazi-təşkilat məsələləri şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev, YAP Yardımlı rayon təşkilatının sədri Anar Alışov, Yardımlı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Şahlar Əliyev, Yardımlı Su Meliorasiya Sistemlərinin istismarı idarəsinin rəisi Faiq İmanov və şəhid atası Ədalət Qarayev çıxış edib.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev, ötən il Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə daxili və xarici siyasət sahəsində əldə olunmuş uğurlardan, həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən, əhalinin sosial rifah halının yüksəldilməsinə yönəlmiş tədbirlərdən söz açıb və Yardımlıda ayrı-ayrı sahələrdə görülmüş işlərdən danışıb.
Hesabat yığıncağının iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilib və müraciətin mətni iştirakçılarının diqqətinə çatdırılıb.








