Yardımlı rayonunda 27 Sentyabr - Anım Günü qeyd edilib
Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərimizə dərin ehtiramın ifadəsi olan 27 Sentyabr - Anım Günü ölkəmizin hər yerində olduğu kimi, Yardımlı rayonunda da qeyd edilib.
Səhər saatlarından etibarən Yardımlı rayon Şəhidlər xiyabanına ziyarətlər edilib, Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirələri qürurla yad edilib.
Anım tədbirində Yardımlı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, RİH başçısı səlahiyyətlərini icra edən Azər Xamiyev, YAP Yardımlı Rayon Təşkilatının sədri Anar Alışov, hüquq-mühafizə orqanları, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, qazilər, rayonun fəal gəncləri, məktəblilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, RİH başçısı səlahiyyətlərini icra edən Azər Xamiyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qətiyyəti, ordumuzun şücaəti ilə xalqımızın qələbə qazandığını bildirib. Bununla da Azərbaycanımızın ərazi bütövlüyünün və süverenliyimizin tam bərqərar olunduğunu, Qarabağa yenidən həyatın qayıtdığını söyləyən A.Xamiyev hazırda işğaldan azad olunan ərazilərdə soydaşlarımızın azad və firavan yaşadığını bildirib.
Çıxışlarda tarixi Zəfərimizdən, Vətən müharibəsində əsgər və zabitlərimizin misilsiz şücaətlərindən qürurla bəhs olunub. Haqq savaşımızda şəhidlik zirvəsinə ucalan igid Vətən övladlarının xatirəsinin daim xalqımızın qəlbində yaşayacağı vurğulanıb.
Saat 12:00-da ölkəmizin hər yerində olduğu kimi Yardımlı rayonunda da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, avtomobillərdən səs siqnalları verilib.








