Yardımlı rayonunda Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib.
İyul ayının 17-də Yardımlı rayon Ağsaqqallar şurasının hesabat konfransı keçirilib. Konfransda Yardımlı rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmov, Şuranın İdarə Heyətinin üzvü, eləcə də ağsaqqallar, ziyalılar, şəhid valideynləri, gənclər və ictimaiyyətin digər nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.
RİH-nin inzibati binasında baş tutan tədbirdə əvvəlcə dövlət himni sələndirilib, sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov Abel Məhərrəmovu və digər tədbir iştirakçılarını salamlayaraq xalqımızın Ümummilli Lideri Heydər Əliyevin böyük siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşən ağsaqqalların ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı əhəmiyyətli rolundan, dəyərli xidmətlərindən bəhs edib. Vurğulanıb ki, Ulu Öndərin ideyalarına sadiq olan ağsaqqallarımız dövlətçiliyin qorunmasında, gənclərin maarifləndirilməsində, vətənpərvərlik və milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə edilməsində xüsusi rol oynayırlar. Qeyd olunub ki, ağsaqqallarımız gələcəkdə də ölkəmizin, o cümlədən də rayonumuzun ictimai-siyasi, sosial-iqtisadi və humanitar inkişafına, cəmiyyət həyatında müxtəlif məsələlərin həllinə öz layiqli töhfələrini verəcəklər.
Sonra Yardımlı Rayon Ağsaqqallar Şurasının sədri Etibar Əməşovun hesabat dövrü ərzində təşkilatın gördüyü işlər və qarşıda duran vəzifələr barəsində məruzəsi dinlənilib. Bildirilib ki, Azərbaycan Ağsaqqallar Şurasının yerli təşkilatları tərəfindən müntəzəm şəkildə gənc nəslin maarifləndirilməsinə, tarixi və əlamətdar günlərə və digər bir çox aktual məsələlərə həsr olunmuş tədbirlər, şəhid ailələri və qazilərlə, o cümlədən gənclərlə görüşlər keçirilir.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmov öz adından tədbir iştirakçılarını salamlayıb, rayonda növbəti dəfə ağsaqqallarla görüşməkdən məmnun olduğunu bildirib. Ağsaqqal sözünün xüsusi məna kəsb etdiyini vurğulayaraq qeyd edib ki, ağsaqqal adı böyük addır. Ağsaqqal bütün parametrlər üzrə mükəmməl, nüfuzlu, hörmətli, dünyagörüşlü, xeyirxah, təəssübkeş olmalı və bir çox digər müsbət keyfiyyətləri özündə birləşdirməlidir. Abel Məhərrəmov Ulu Öndər Heydər Əliyevin və dahi rəhbərin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Azərbaycan üçün misilsiz ximətlərindən də ətraflı bəhs edib. Vurğulayıb ki, biz xoşbəxt xalqıq, çünki Heydər Əliyev kimi Ümummilli Liderimiz və onun işıqlı yolunu uğurla davam etdirən dövlət başçımız, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev var. Çıxışının sonunda natiq hər bir ağsaqqala uzun ömür, möhkəm cansağlığı və uğurlar arzulayıb.
Konfransda çıxış edən digər natiqlər də Yardımlı Rayon Ağsaqqallar Şurası tərəfindən görülən işlərdən və qarşıda duran vəzifələrdən söz açıblar. Qeyd ediblər ki, cəmiyyətimizdə yüksək nüfuza malik olan ağsaqqallarımızın bilik və təcrübəsindən hərtərəfli və səmərəli şəkildə istifadə olunmalıdır.








