Yardımlı rayonunda növbəti səyyar qəbul Ostayır kəndində keçirilib.
Ostayır kənd tam orta məktəbində keçirilən görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan səyyar qəbulda Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov çıxış edərək son illərdə respublikamızın, o cümlədən Yardımlı rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində görülən tədbirlər, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində Ölkə Rəhbərliyi tərəfindən həyata keçirilən sosial layihələr barədə kənd sakinlərinə məlumat verib.
Daha sonra sakinlərin arzu və təklifləri dinlənilib. Həlli mümkün müraciətlər yerindəcə həll edilib, həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə həlli ilə bağlı aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Görüşdə iştirak edən sakinlər müraciətlərinə diqqət və həssaslıqla yanaşılmasından məmnun qaldıqlarını bildirərək, onlara yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
RİH başçısı Ayaz Əsgərov həmçinin vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə sakinlərin yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə biləcəklərini vurğulayıb.