YARDIMLI RAYONUNDA PEŞƏ VƏ SAHƏ ASSOSİASİYALARININ YARADILMASININ DƏSTƏKLƏNMƏSİ İLƏ BAĞLI İCLAS KEÇİRİLİB.
Noyabrın 2- də Yardımlı Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən tədbir Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2020-ci il tarixli, 1816 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”nın 4.5-ci bəndinin (Peşə və sahə assosiasiyaları yaradılmasının dəstəklənməsi) icrasının təmin edilməsi məqsədi daşıyıb.
Tədbirdə Yardımlı RİH-nin məsul işçiləri, Dövlət Məşğulluq Agentliyinin rayon xidmət şöbəsinin, idarələr və ictimai xidmət təşkilatlarının, təhsil, səhiyyə və mədəniyyət işçiləri həmkarlar ittifaqlarının rayon komitələrinin nümayəndələri, rayon bələdiyyə şurasının sədri və müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.
Tədbir Yardımlı RİHB-nin müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Miramil Səmədlinin sədrliyi ilə keçirilib. O, bildirib ki, peşə və sahə assosiasiyaların yaradılması sosial dialoqun inkişaf etdirilməsi və qeyri-formal əmək münasibətlərinin qarşısının alınması, sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi, məşğulluğun artırılması, məlumatlılıq səviyyəsinin yüksəldilməsi, sahibkarların maraqlarının müdafiəsi baxımından çox əhəmiyyətlidir. İcra başçısının müavini çıxışında məlumat verib ki, Yardımlı rayonu üzrə 2023-ci ilin 10 ayı ərzində 82 yeni iş yeri yaradılmışdır. Rayona investisiya cəlb olunması məqsədilə ərazidə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, sənaye, energetika, tikinti, ticarət, nəqliyyat, telekommunikasiya və poçt, maliyyə və bank, turizm və digər xidmət sahələri üzrə mövcud vəziyyət, məlumatlar kütləvi informasiya vasitələri ilə hərtərəfli təşviq olunmuşdur.
Digər çıxış edənlər də, rayonda peşə və sahə assosiasiyaları yaradılmasının dəstəklənməsinin vacibliyini qeyd edib, müxtəlif mülahizələr irəli sürüblər.