Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı rayonunda “Qərbi Azərbaycan İrsi” kitabının I cildinin təqdimat mərasimi keçirilib.

17 iyul 2025 | 15:07

Yardımlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə RİH başçısı Ayaz Əsgərov, Milli Məclisin deputatı Anar İsgəndərov, YAP Yardımlı rayon təşkilatının sədri Anar Alışov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Yardımlı rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra azərbaycanlıların deportasiyasına həsr olunmuş “Qərbi Azərbaycan irsi” tədqiqatlar seriyasından sənədli videoçarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan Yardımlı rayon İcra Hakimiyyətinin başçısı Ayaz əsgərov bildirib ki, Ermənistan hakimiyyəti uzun illər boyunca azərbaycanlıların tarixini, mədəni kimliyini, dini irsini hədəf alaraq sistemli şəkildə etnik təmizləmə və vandalizm siyasəti həyata keçirib. Ermənistanda yaşayan azərbaycanlılara məxsus yüzlərlə qəbiristanlıq, məscid, ziyarətgah və türbə ya tamamilə dağıdılıb, ya da izləri silinərək məqsədli şəkildə yox edilib. “Qərbi Azərbaycan İrsi” kitabı təkcə tarixə işıq salmaqla kifayətlənmir, həm də beynəlxalq hüquq qarşısında məsuliyyət daşımalı olan bir prosesin sənədləşdirilmiş sübutudur. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığımız Zəfərdən sonra qarşımızda yeni perspektivlər açılıb. Böyük Qələbəmiz keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışını təmin etməklə yanaşı, vaxtilə Qərbi Azərbaycanda yaşamış soydaşlarımızın da əzəli torpaqlarına qayıdışının təməlini qoyub. Ermənistan və Azərbaycan arasında davam etdirilən sülh prosesi bu məsələnin də müsbət həll olunacağına inamı artırır.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Anar İsgəndərov bildirib ki, Ermənistan ərazisindən zorla çıxarılmış soydaşlarımızın beynəlxalq proses çərçivəsində təhlükəsiz və ləyaqətli şəkildə öz doğma torpaqlarına geriyə qayıtmaları, onların fundamental hüquqlarının bərpa və təmin edilməsi ölkəmizin prioritetləri arasındadır. Müxtəlif dövrlərdə soydaşlarımıza qarşı həyata keçirilən deportasiya nəticəsində onlara məxsus məscidlər və qəbiristanlıqlar kütləvi şəkildə dağıdılıb, yer adları dəyişdirilib. Qeyd olunub ki, qəbiristanlıqlar bir xalqın keçmişi, inancı və kollektiv yaddaşıdır. Ona görə də qəbiristanlıqları dağıtmaq həmin xalqın izlərini coğrafiyadan silmək cəhdidir. Bu, həm də hər kəsin bildiyi kimi beynəlxalq humanitar hüququn və insan hüquqlarının ciddi şəkildə pozulmasıdır.

Çıxış edənlər belə fundamental tədqiqatların və topluların beynəlxalq ictimaiyyətə təqdim olunmasının zəruriliyini də vurğulayıblar. Bildirilib ki, bu nəşrlər təkcə tarixi ədalətin bərpasına deyil, həm də gələcək nəsillərin yaddaşında Qərbi Azərbaycanın zəngin irsini yaşatmağa xidmət edir.

Keçidlər