Yardımlı rayonunda üç nəfər “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq 2023-cü il “Heydər Əliyev İli” elan olunub. Bu əlamətdar il ilə bağlı təsdiqlənmiş “Tədbirlər Planı”na uyğun olaraq, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təsis edilib. Azərbaycan Respublikası Prezidentinin 02 fevral 2024-cü il tarixli Sərəncamı ilə bir sıra şəxslər “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunublar. Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, Yardımlı Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsin direktoru Rasim Əkbərov və Yardımlı rayon Veteranlar Təşkilatının sədri Zakir İmanov da siyahıda yer alıblar.
Bununla əlaqədar olaraq, Yardımlı Rayon İcra Hakimiyyətinin inzibati binasında medalların təqdimetmə mərasimi baş tutub.
Rayon rəhbəri təltif olunanları təbrik edərək müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərindən danışıb.
Daha sonra Ayaz Əsgərov tərəfindən medallar sahiblərinə təqdim olunub.
Ziyalılar öz növbələrində Ulu Öndər Heydər Əliyevin siyasi davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevə onlara göstərilən diqqətə və ali mükafata görə təşəkkürlərini ifadə ediblər.