Yardımlı rayonunda yeni inşa olunmuş modul tipli 80 şagird yerlik Cirimbel kənd tam orta məktəb binasının açılış mərasimi olub.
Açılış mərasimində Yardımlı RİH başçısı Ayaz Əsgərov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Rəhim Rəhimov, RİH-in məsul şəxsləri, şəhid ailələrinin üzvləri, qazilər, məktəblilər, məktəbin pedaqoji kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Öncə məktəbin açılışını bildirən rəmzi qırmızı lent kəsilib, başçı və digər iştirakçılar yeni məktəbdə yaradılmış şəraitlə yaxından tanış olublar.
RİH başçısı Ayaz Əsgərov çıxışında əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan Təhsil strategiyasının Möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən uğurla icra edilməsindən, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilə göstərdiyi xüsusi diqqət və qayğısından, o cümlədən ucqar ərazilərdə müasir tipli təhsil ocaqlarının istifadəyə verilməsindən, Respublikanın bütün bölgələrində müasir dövrün tələblərinə uyğun məktəblərin inşa olunmasından və rayon təhsilində əldə olunan yüksək nəticələrdən danışıb.