Yardımlı rayonunda Zəfər Günü münasibətilə tədbir keçirilib.
Yardımlı rayonunda 8 noyabr- Zəfər Günü münasibətilə "Gümüş" şadlıq sarayında tədbir keçirilib. Tədbirdə Yardımlı Rayon İcra Hakimiyyətinin Başçısı Ayaz Əsgərov, Milli Məclisin deputatı Musa Qasımlı, hüquq-mühafizə orqanlarının rəhbərləri, aparatın əməkdaşları, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, idarə müəssisə təşkilatların kollektivləri və rayon ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Konsert proqramından əvvəl Dövlət Himni səsləndirilib, respublikamızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş vətən övladlarının və Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov tədbir iştirakçılarını Zəfər Günü bayramı münasibətilə təbrik etmişdir. Qeyd etmişdir ki, 8 noyabr Azərbaycan tarixinin qızıl səhifəsi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun yazdığı qəhrəmanlıq dastanıdır. 44 günlük haqq savaşında Azərbaycan xalqının sarsılmaz birliyi, Azərbaycan Prezidentinin dəmir iradəsi və Azərbaycan Ordusunun yenilməz gücü qarşısında düşmən diz çökərək təslim oldu. Xalqımızın 30 illik həsrətinə son qoyuldu. Respublikamızın ərazi bütövlüyü bərpa olundu. Şəhidlərimizin qisası alındı. Bu gün xalqımız böyük qələbənin xoşbəxtliyini və sevincini yaşayır.
Milli Məclisin deputatı Musa Qasımlı çıxış edərək şəhidlərimizin keçdikləri şərəfli döyüş yollarından və dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıdan geniş söz açmış, torpaqlarımızın düşmən tapdağından azad olunmasında canlarından keçən şəhidlərimizə bir daha Allahdan rəhmət diləmiş, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman, vətənpərvər, igid oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs üçrəngli bayrağımızın dalğalanmasının hər bir Azərbaycan vətəndaşı üçün qürurverici olduğunu söyləmişdir.
Tədbirdə çıxış edən Şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları və başqaları Zəfər Günü münasibətilə təbriklərini çatdırıblar. Eyni zamanda, şəhid ailələrinə və qazilərə göstərdikləri diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.