Yardımlıda 12 noyabr – Konstitusiya gününə həsr olunmuş dəyirmi masa keçirildi.
Noyabrın 12-də Yardımlı Rayon Heydər Əliyev Mərkəzinin inzibati binasında 12 noyabr – Konstitusiya gününə həsr olunmuş dəyirmi masa keçirilib.
Tədbir Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən RİH başçısı aparatının İctimai - siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Şakir Kərimov və başqaları bildiriblər ki, 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə Azərbaycanın ilk milli Konstitusiyasının hazırlanması və qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, xalqımızın Ümummilli Liderinin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində qazanılmış tarixi qələbənin, 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa edilməsinin və Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsinin işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olunmasının mühüm əhəmiyyətini diqqətə çatdırıblar.








