Yardımlıda 15 iyun–Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilmişdir.
İyunun 14-də Yardımlı rayon Heydər Əliyev Mərkəzində 15 iyun–Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə RİH başçısının müavini Əfsanə Məmmədova, YAP Yardımlı rayon Təşkilatının sədri Anar Alışov, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak etmişdir.
RİH başçısının müavini Əfsanə Məmmədova çıxışında 15 iyun-Milli Qurtuluş Gününün müasir Azərbaycan tarixinin dönüş nöqtəsi olduğunu deyib. O, bildirib ki, Azərbaycanın müasir tarixini Milli Qurtuluş Günündən və bu günə səbəb olan Ümummilli Liderimiz Heydər Əliyevin möhtəşəm qayıdışından ayrı təsəvvür etmək mümkün deyil. Bu günkü Azərbaycan Ümummilli Liderimiz Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır. Məhz Ulu Öndərin ordu quruculuğu istiqamətində başladığı işlər və müəyyənləşdirdiyi strategiya sayəsində bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır, texniki təchizat baxımından bir çox ölkələrin ordularını üstələyir. Əfsanə Məmmədova Milli Qurtuluş Gününün Azərbaycanın müstəqillik tarixinin ən şərəfli səhifələrindən biri olduğunu, bu tarixin ölkəmizin beynəlxalq aləmdə layiqli yer tutması və bugünkü Zəfərlə nəticələndiyini vurğulamışdır. Bu zəfər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə , xalqımızın və rəşadətli Ordumuzun qazandığı böyük tarixi Zəfərdir. “Dəmir yumruq” əməliyyatı ilə qazanılan tarixi zəfərin əsasında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, Azərbaycanın siyasi, iqtisadi, mədəni, hərbi sahələrdə, eyni zamanda, xarici siyasətdə uğurları dayanır. Təsadüfi deyil ki, Azərbaycanın Vətən müharibəsi, xüsusən misilsiz Şuşa əməliyyatı dünyanın aparıcı ölkələri tərəfindən öyrənilməkdədir.
Çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dinamik inkişafa nail olunması yolundakı əvəzsiz fəaliyyətindən danışıb, dahi liderin uzaqgörən siyasətinin nəticəsi olan, ölkəmizin tərəqqisinə və xalqımızın rifahına hesablanmış genişmiqyaslı və ardıcıl islahatların bu gün öz real bəhrəsini verdiyini bildiriblər.