Yardımlıda “ 18 Oktyabr- Müstəqilliyin Bərpası Günü”nə həsr olunmuş dəyirmi masa təşkil olunub
Oktyabrın 18-də Yardımlı Rayon Heydər Əliyev Mərkəzində “ 18 Oktyabr- Müstəqilliyin Bərpası Günü”nə həsr olunmuş dəyirmi masa təşkil olunub.
Əvvəlcə vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra tədbiri giriş sözü ilə açan Yardımlı Rayon İcra Hakimiyyətinin başçısının müavini Əfsanə Məmmədova “Müstəqilliyin Bərpası günü” münasibətilə tədbir iştirakçılarını təbrik edərək, 1991-ci il oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunması prosesinin tarixi əhəmiyyətindən danışıb, həmçinin dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində Azərbaycan xalqının keçdiyi çətin, lakin şərəfli yoldan söz açıb. O, 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin ölkəmizin müstəqilliyinin əbədi və dönməz etdiyini bildirib. Ə.Məmmədova diqqətə çatdırıb ki, Ümummilli Liderin qurduğu müstəqil Azərbaycan dövləti bu gün dünya miqyasında böyük nüfuza malikdir. O, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Ulu Öndərin müəyyənləşdirdiyi siyasəti uğurla həyata keçirdiyini qeyd edib.
Digər çıxış edənlər Azərbaycanın müstəqillik illərində əldə etdiyi uğurlardan danışıblar. Bildirilib ki, əgər 1991-ci ildə Azərbaycanın müstəqilliyi tarixi zərurətdən irəli gələn hadisə idisə, bu müstəqilliyin əbədiliyi və dönməzliyi Ümummilli Lider Heydər Əliyevin adı ilə, beynəlxalq aləmdə böyük nüfuzu olan, Cənubi Qafqazın lider dövləti sayılan müasir Azərbaycan isə Prezident İlham Əliyevin fəaliyyəti ilə bağlıdır.