Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda 20 Yanvar faciəsinin 35-ci ildönümü qeyd olundu.

20 yanvar 2025 | 12:19

Yardımlı rayonunda 20 Yanvar faciəsi qurbanlarının 35–ci ildönümü dərin ehtiramla yad edilib.

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon şöbəsinin rəisi, YAP Yardımlı Rayon Təşkilatının sədri və şəhid ailələri Şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edərək önünə tər çiçəklər düzüb, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktı zamanı ölkəmizin müstəqilliyi uğrunda şəhid olanların xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını vurğulayıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış böyük Zəfərin məhz Ulu Öndər Heydər Əliyev siyasətinin nəticəsi olduğunu diqqətə çatdıran RİH başçısı xalqımızın qəlbində Ulu Öndər Heydər Əliyevə dərin ehtiram və məhəbbətin daim yaşayacağını bildirib. 

Gün ərzində rayon sakinləri tərəfindən Şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət edilib, önünə tər gül-çiçək dəstələri düzərək sonsuz ehtiramlarını bildiriblər.

20 Yanvar faciəsi ilə əlaqədar saat 12:00-da rayon ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Keçidlər