Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda 27 sentyabr - Anım Günü ilə əlaqədar tədbir keçirilib.

27 sentyabr 2024 | 13:36

Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərimizə dərin ehtiramın ifadəsi olan 27 Sentyabr - Anım Günü ölkəmizin hər yerində olduğu kimi, Yardımlı rayonunda da qeyd edilib.

Səhər saatlarından etibarən Yardımlı rayon Şəhidlər xiyabanına ziyarətlər edilib, Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirələri qürurla yad edilib.

Mərasimdə Yardımlı Rayon İcra Hakimiyyəti başçısı Ayaz Əsgərov, YAP Yardımlı Rayon Təşkilatının sədri Anar Alışov, hüquq-mühafizə orqanları, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, qazilər, rayonun fəal gəncləri, məktəblilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

RİH Başçısı Ayaz Əsgərov çıxış edərək ölkə rəhbəri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli mövqeyi və sarsılmaz iradəsi nəticəsində 2020-ci ilin 27 sentyabr tarixində zəfər yürüşünə çıxan rəşadətli ordumuzun 30 illik həsrətə son qoyaraq işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etdiyini, Vətəni canı bahasına qoruyaraq uca zirvəyə yüksələn, Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin daim qəlblərdə yaşayacaqlarını, onların xatirələrinin hər zaman əziz tutulacağını vurğulayıb.

Tədbirdə çıxış edən şəhidlərin valideynləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Saat 12:00-da ölkəmizin hər yerində olduğu kimi Yardımlı rayonunda da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, avtomobillərdən səs siqnalları verilib.

Keçidlər