Yardımlıda “27 sentyabr - Anım Günü” nün beşinci ildönümü ilə əlaqədar şəhidlərimizin əziz xatirəsi yad edilib.
Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərimizə dərin ehtiramın ifadəsi olan 27 Sentyabr - Anım Günü ölkəmizin hər yerində olduğu kimi, Yardımlı rayonunda da qeyd edilib.
Səhər saatlarından etibarən Yardımlı rayon Şəhidlər xiyabanına ziyarətlər edilib, Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirələri qürurla yad edilib.
Anım tədbirində Yardımlı Rayon İcra Hakimiyyəti başçısı Ayaz Əsgərov, YAP Yardımlı Rayon Təşkilatının sədri Anar Alışov, hüquq-mühafizə orqanları, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, qazilər, rayonun fəal gəncləri, məktəblilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov çıxış edərək bildirib ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 30 ilə yaxın Ermənistanın işğalı altında qalmış doğma torpaqlarımızın azad edilməsi üçün hərbi əməliyyatlara başladı. Azərbaycan hərbçilərinin misilsiz döyüş qabiliyyətini, Ordumuzun qüdrətini yüksək səviyyədə təcəssüm etdirən, xalqımızın dəmir yumruq kimi birləşdiyi 44 günlük müharibə ərazilərimizin düşməndən azad edilməsi ilə nəticələndi. Cənab Prezidentin vurğuladığı kimi, “Bizim tarixi Qələbəmiz bizim qürur mənbəyimizdir. Bundan sonra əsrlər boyu Azərbaycan xalqı bu Qələbəni öz ürəyində, qəlbində yaşadacaq”.
Çıxışlarda tarixi Zəfərimizdən, Vətən müharibəsində əsgər və zabitlərimizin misilsiz şücaətlərindən qürurla bəhs olunub. Haqq savaşımızda şəhidlik zirvəsinə ucalan igid Vətən övladlarının xatirəsinin daim xalqımızın qəlbində yaşayacağı vurğulanıb.
Saat 12:00-da ölkəmizin hər yerində olduğu kimi Yardımlı rayonunda da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, avtomobillərdən səs siqnalları verilib.








