Yardımlıda 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Yardımlı RİH-nin inzibati binasında 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Yardımlı RİH başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova, aparatın məsul əməkdaşları, hüquq mühafizə orqanlarının əməkdaşları və idarə müəssisə rəhbərləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Yardımlı RİH başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını tarixi keçmişimizin şanlı səhifələrindən biri kimi səciyyələndirdi. O, cəmi 23 ay mövcud olan Şərqin ilk demokratik dövlətinin bir çox uğurlara imza atdığını qeyd etdi. 1991-ci ilin oktyabrında Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz müstəqilliyini bərpa edərək Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu elan etdi. Xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi nəticəsində Azərbaycanda dövlət müstəqilliyinin yeni mərhələsi başlandı. Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsil dönüş yarandı. Bu gün Ulu Öndərin ideyaları onun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Digər çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, fəaliyyətindən, demokratik hüquq və azadlıqların bərqərar olmasından ətraflı söz açaraq müstəqilliyimizin keşməkeşli yollarından, milli dövlətçiliyimizin parlaq səhifələrindən danışmış, xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin və bu gün onun siyasi kursunun davamçısı Prezident cənab İlham Əliyevin dövlətçilik tariximizdəki misilsiz xidmətləri nəticəsində Azərbaycanın müstəqilliyinin qorunub saxlanıldığını, dünyəvi dövlət quruculuğu yolunda ölkəmizin inamla irəliləməsinə nail olunduğunu qeyd ediblər.