Yardımlıda 8 Noyabr-Zəfər Günü ilə bağlı tədbir keçirilib.
Yardımlı rayonunda 8 noyabr- Zəfər Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Yardımlı Rayon İcra Hakimiyyətinin Başçısı Ayaz Əsgərov, Milli Məclis sədrinin müavini Musa Qasımlı, YAP Yardımlı rayon təşkilatının sədri Anar Alışov, hüquq-mühafizə orqanlarının rəhbərləri, aparatın əməkdaşları, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, idarə, müəssisə, təşkilatların kollektivləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov tədbir iştirakçılarını salamlayaraq, Vətən müharibəsindən, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəlik məharətindən, əsgər və zabitlərimizin qəhrəmanlıqlarından söz açıb, parlaq Zəfərin əhəmiyyətindən danışıb. Qeyd olunub ki, Ordumuzun keçdiyi 44 günlük döyüş yolunun hər bir səhifəsi əsl qəhrəmanlıq dastanıdır və əsgərlərimizin yüksək döyüş ruhu, vətənpərvərlik hissi, əzmkarlığı dillər əzbəridir. RİH Başçısı vurğulayıb ki, Azərbaycan xalqı torpaqlarımızın işğaldan azad olunmasının, əzəli yurd yerlərinə əbədi qayıdışının hədsiz sevinc və qürurunu yaşamaqla 8 Noyabr – Zəfər Gününü böyük coşqu ilə qeyd edir.
Milli Məclis sədrinin müavini Musa Qasımlı qeyd edib ki, tarixi Zəfərimiz qürurumuzdur: “Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz Qələbənin əbədiləşdirilməsi məqsədilə 8 noyabr tarixinin Zəfər Günü kimi təsis edilməsi hər birimizi qürurlandırır.
Zəfər bayramı münasibətilə təşkil olunan tədbirdə çıxış edən Şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları və başqaları Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyəti, şanlı Azərbaycan Ordusunun rəşadəti nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu qeyd edərək, Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyini, xalqımızın “dəmir yumruq” ətrafında sıx birləşdiyini vurğulayıblar.
Daha sonra tədbir möhtəşəm konsert proqramı ilə davam etdirilib.