Yardımlıda 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib.
Yardımlı rayonunda 8 noyabr- Zəfər Günü münasibətilə "Gümüş" şadlıq sarayında tədbir keçirilib. Tədbirdə Yardımlı Rayon İcra Hakimiyyətinin Başçısı Ayaz Əsgərov, Milli Məclisin deputatı Musa Qasımlı, YAP Yardımlı rayon təşkilatının sədri Anar Alışov, hüquq-mühafizə orqanlarının rəhbərləri, aparatın əməkdaşları, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, idarə müəssisə təşkilatların kollektivləri və rayon ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Konsert proqramından əvvəl Dövlət Himni səsləndirilib, respublikamızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş vətən övladlarının və Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov tədbir iştirakçılarını salamlayaraq, 8 Noyabr tarixinin Zəfər Günü kimi təntənəli səkildə qeyd edilməsindən qürür duyduqlarını, eyni zamanda hərbçilərimizin cəsarətindən, qəhrəmanlığından və Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin Zəfər səlnaməsindən bəhs edib. RİH başçısı diqqətə çatdırıb ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi torpaqlarımızın düşmən işğalından azad edilməsi ilə nəticələnib, 19-20 sentyabr 2023-cü il tarixlərdə keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində isə ölkəmizin bütün ərazisində dövlət suverenliyimiz və konstitusiya quruluşu bərpa edilib. 44 günlük vətən müharibəsində, həm də ondan sonrakı dövrdə şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən yüksək diqqət və qayğının nümayiş etdirildiyini nəzərə çatdıran RİH başçısı, həmçinin, azad edilmiş bölgələrdə gerçəkləşən və bütün dünyanı heyrətləndirən quruculuq və bərpa işlərinin aparıldığını vurğulayıb.
Milli Məclisin deputatı Musa Qasımlı qeyd edib ki, tarixi Zəfərimiz qürurumuzdur: “Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz Qələbənin əbədiləşdirilməsi məqsədilə 8 noyabr tarixinin Zəfər Günü kimi təsis edilməsi hər birimizi qürurlandırır.
Zəfər bayramı münasibətilə təşkil olunan tədbirdə çıxış edən Şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları və başqaları Zəfər Gününün, həmçinin Azərbaycan dövlətinin suverenliyinin və ərazi bütövlüyünün təmin olunmasının əhəmiyyətindən danışıblar. Diqqətə çatdırılıb ki, şəhidlərin əziz xatirəsi hər zaman qəlblərdə yaşayacaq.