Yardımlıda “9 Dekabr Korrupsiyaya Qarşı Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar dəyirmi masa keçirilib.
07 dekabr 2023 | 13:50
Yardımlı Rayon İcra Hakimiyyətinin inzibati binasında 9 dekabr-Beynəlxalq Korrupsiya Gününə həsr olunmuş “Korrupsiya ilə mübarizə” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada RİH başçısının - müavini-Sosial –iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Miramil Səmədli, aparatın məsul şəxsləri, Hüquq mühafizə orqanlarının nümayəndələri, idarə-müəssisə və təşkilat rəhbərləri iştirak ediblər. Dəyirmi masada çıxış edənlər Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində görülən işlər və bu istiqamətdə həyata keçirilən tədbirlər barədə məlumat veriblər. Qeyd ediblər ki, Milli Fəaliyyət Planı fərqli fəaliyyət istiqamətləri olan müxtəlif qurumların korrupsiyaya qarşı mübarizə səylərini birləşdirməyə xidmət edir, eləcə də korrupsiyaya qarşı mübarizənin bütün dövlət strukturları və vətəndaş cəmiyyəti institutları ilə birgə sistemli və əlaqəli şəkildə gerçəkləşdirilməsinə imkan yaradır.
Eyni zamanda, dövlət qurumlarının fəaliyyətində şəffaflığın daha da artırılması, korrupsiyaya şərait yaradan halların qarşısının alınması, ictimaiyyət qarşısında hesabatlılığın daha da gücləndirilməsi, məmur-vətəndaş təmasının minimuma endirilməsi, əhaliyə göstərilən xidmətlərin daha da təkmilləşdirilməsi və elektronlaşdırılması, eləcə də korrupsiyaya qarşı mübarizə ilə bağlı görülən tədbirlərin davamlılığının təmin edilməsinin vacibliyini vurğulayıblar.