Yardımlıda “Azərbaycan qadınının tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında rolu” mövzusunda ikigünlük seminar keçirilib
Sentyabrın 8-9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Yardımlı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycan qadınının tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında rolu” mövzusunda ikigünlük seminar keçirilib.
Rayonun fəal qadınları, təhsil işçiləri, psixoloqlar, gənclər və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova tolerant və multikultural ənənələrin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunmasının önəmi barədə danışıb. Vurğulayıb ki, gənclərin humanizm, vətənpərvərlik, tolerant və milli-mənəvi dəyərlərə bağlılıq ruhunda tərbiyə edilməsi sağlam gələcəyin təməllərinin inşasında ən vacib şərtlərdəndir. Zərərli dini meyillərin yol açdığı təhdidlər və onların multikultural cəmiyyətə təsiri barədə də danışan E.Kərimova bu kimi mənfi tendensiyalarla mübarizədə cəmiyyətin bütün təbəqələrinin, xüsusən qadınların iştirakının vacibliyinə diqqət çəkib. “Azərbaycan qadınının cəmiyyətdə rolunun bundan sonra da yüksəldilməsi, millilik və müasirliyin vəhdətində öz mövqeyini gücləndirməsi çox vacib amildir. Ölkəmizdə qadının sosial-siyasi həyatda fəal iştirakının reallaşdırılması və davamlılığının təmin edilməsi üçün ilk növbədə ailədə və cəmiyyətdə maarifləndirmə işləri aparılmalıdır” – deyə əlavə edib.
“Sosial media və dindarlıq” mövzusunda təqdimatla çıxış edən DQİDK-nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva əvvəlcə tədbir iştirakçılarını mövzu ilə bağlı əsas anlayışlarla tanış edib. Cəmiyyətdə dindarlığın müxtəlif təzahürləri barədə söhbət açan şöbə müdiri müasir texnologiya və ünsiyyət vasitələrinin sürətli inkişafı nəticəsində son dövrlərdə aktuallaşan sosial media dindarlığına diqqəti çəkib. Bildirib ki, bu gün müxtəlif və çoxsaylı sosial media istifadəçiləri tərəfindən dini düşüncələrin ifadə edilməsi bir çox hallarda bu istiqamətdə şəxsi baxışların ortaya qoyulmasına, beləliklə də dinin əsl mahiyyətindən uzaqlaşmasına səbəb olur. Çox zaman dinin əsl məğzi ilə sosial şəbəkələrdə nümayiş etdirilən dindarlıq arasındakı fərqlər insanlarda çaşqınlıq yaradır, bəzi hallarda dindarlığı formalaşmaqda olan şəxslərin yanlış istiqamətə yönəlmələrinə səbəb olur. Bu kimi problemdən çıxış yollarından da bəhs edən Y.Əliyeva xüsusilə qadınlar və böyüməkdə olan gənclər arasında dini maarifləndirmənin əhəmiyyətinə toxunub.
Çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Masallı rayonunda fəaliyyət göstərən Qadın Resurs Mərkəzinin koordinatoru Nərgiz Muxtarova təmsil etdiyi qurumun fəaliyyət istiqamətlərindən bəhs edib, eyni zamanda Cənub regionunda qadınların iqtisadi və sosial həyatda iştirakının stimullaşdırılması, onların əmək bazarına inteqrasiyası və məşğulluq imkanlarının reallaşdırılması istiqamətində görülən işlər barədə məlumat verib.
DQİDK əməkdaşı Aysel Abdullayeva “Xurafatla mübarizə və qadınlarımız” adlı təqdimatı ilə xurafatın yaratdığı, xüsusilə dini radikalizm, eləcə də ailə-məişət zəmnində baş verən erkən nikah, boşanma və s. problemlərə, eləcə də onların həlli yollarına yönəlik fikirlərini bölüşüb.
İkigünlük seminarın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.