Yardımlıda “Dini radikalizm və ekstremizmə qarşı mübarizədə dini icmaların rolu” mövzusunda maarifləndirmə tədbiri keçirilib
Martın 17-də Yardımlı rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi və Yardımlı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini radikalizm və ekstremizmə qarşı mübarizədə dini icmaların rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli, Yardımlı Rayonu İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Mirqiyas Əsgərov, DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşları, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Çıxışçılar tərəfindən Azərbaycanın həmişə tolerant ölkə kimi tanındığı, lakin bəzi ölkələrdə dini radikalizm və ekstremizm elementlərinin güclənməsi meyillərinin artığı qeyd edilib. Mövcud ənənələrimizi yaşatmaq, milli birliyimizi möhkəmləndirmək üçün təhsil almaq, elmi biliklərə yiyələnmək, milli-mənəvi dəyərlərə əsaslanmağın vacibliyi vurğulanaraq dini radikalizm və ekstremizmə qarşı mübarizədə ölkəmizdə möhkəm qanunvericilik bazasının mövcud olduğu diqqətə çatdırılıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.