Yardımlıda “Dövlət idarəçiliyində kütləvi informasiya vasitələrində Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması” mövzusunda maarifləndirici tədbir keçirilib.
Yardımlı rayon İcra Hakimiyyətinin inzibati binasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 09 aprel 2013-cü il tarixli, 2837 №li Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda icrası nəzərdə tutulan dövlət idarəçiliyində, kütləvi informasiya vasitələrində Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması məqsədilə maarifləndirici tədbir keçirilib. Tədbirdə RİH başçının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova, rayonun idarə, müəssisə və təşkilatlarında kargüzarlıq işlərin aparılmasına təhkim olunmuş məsul şəxslər və Azərbaycan dili müəllimləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Əfsanə Məmmədova Azərbaycan dilinin tarixi inkişaf yolundan bəhs edərək, ana dilimizin qorunmasının Ulu Öndər Heydər Əliyevin düşünülmüş dil siyasətinin nəticəsi olduğunu vurğulayıb.
Çıxış edən digər natiqlər Ümummilli Lider Heydər Əliyevin dövlət dilinin inkişafı sahəsində həyata keçirdiyi misilsiz xidmətlərindən, xalqımıza və onun dilinə tükənməz məhəbbətindən, dilimizin zənginliyindən ətraflı bəhs ediblər. Həmçinin, Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulan dövlət idarəçiliyində, kütləvi informasiya vasitələrində Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması barədə ətraflı söhbət açaraq ana dilimizi qorumaq və inkişaf etdirməyin hər bir azərbaycanlının müqəddəs borcu olduğunu vurğulayıblar.
Tədbirdə dilimizin saflığının qorunmasının və özünəməxsus cəhətlərinə xələl yetirilmədən zənginləşdirilməsinin hazırda aktual məsələlərdən olduğu və dilin yad ünsürlərdən qorumağın vacibliyi haqqında danışılıb. Bununla yanaşı, çıxışlarda Ulu Öndərin 18 iyul 2001-ci il tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” və 9 avqust 2001-ci il tarixli “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” fərmanları, Ümummilli Liderin ideyalarını bütün sahələrdə rəhbər tutan və dövrün tələblərinə uyğun gerçəkləşdirən Prezident İlham Əliyevin 17 iyul 2018-ci il tarixli “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı və 01 noyabr 2018-ci il tarixli “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanlar xatırladıldı.