Yardımlıda əhali qrupu üzrə 3756 abonent təbii qazdan istifadə edir.
Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayevin verdiyi məlumata əsasən 2024-cü ilin əvvəlindən Yardımlı rayonu üzrə mülkiyyət növündən asılı olmayaraq vətəndaşlara məxsus fərdi yaşayış evlərində təbii qaz istifadəçilərinin (abonentlərin) ümumi sayı 99 vahid artaraq 2025-ci ilin əvvəlinə 3756 vahid olmuşdur. Hazırda mavi yanacaqla təmin olunmuş abonentlər 18 yaşayış məntəqəsinin sakinləridir. Bundan başqa rayonun Şəfəqli və Avur kəndlərində küçə qaz şəbəkəsində qazlaşma işləri başa çatmışdır. Yaxın vaxtlarda vətəndaşlar öz şəxsi vəsaitləri hesabına fərdi yaşayış evlərinin qazlaşdırılmasına başlayacaqlar. Şəfəqli kəndində 239 abonentin, Avur kəndində isə 31 abonentin olması gözlənilir.
Rayonun Nisəqələ və Hamarkənd kəndlərində də küçə qaz şəbəkəsinin qazlaşdırılması işləri həyata keçirilir və nəzərdə tutulan işlərin böyük bir hissəsi başa çatmışdır. Hamarkənd kəndi üzrə 87 abonent, Nisəqələ kəndi üzrə 175 abonent artımı gözlənilir.