Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda “Erkən nikah və erkən yaşda qızlar tərəfindən uşaqların doğulmasının qarşısının alınmasında bələdiyyələrin rolu” mövzusunda tədbir keçirilmişdir.

14 oktyabr 2022 | 16:34

Oktyabrın 14-də Yardımlı Rayon Mədəniyyət Mərkəzində “Erkən nikah və erkən yaşda qızlar tərəfindən uşaqların doğulmasının qarşısının alınmasında bələdiyyələrin rolu” mövzusunda tədbir keçirilmişdir.

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Yardımlı RİH başçısının müavini Əfsanə Məmmədova, Milli Elmlər Akademiyasının Professoru  Rəna Mirzəyeva, HP-Güvən klinikasının klinik psixoloqu Aydan Xasməmmədova və Lənkəran Regional Ədliyyə idarəsinin rəisi Taleh Quliyev iştirak etmişdir.

Əvvəlcə vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra tədbiri açan Yardımlı Rayon İcra Hakimiyyətinin başçısının müavini Əfsanə Məmmədova çıxışında  Erkən nikah”ın ümumiyyətlə istər Şərq, istərsə də Qərb ölkələrində çox aktual bir məsələ olduğunu diqqətə çatdırıb. Erkən yaşda qızların ailə həyatı qurmağa məcbur edilməsi, onların təhsilinə, bir fərd kimi inkişafına mane olur, gələcək nəsillərin sağlamlığını və həyatını təhlükə altına atır, boşanma hallarını artırır. Erkən nikah mühüm problemdir, çünki iki nəslin, həm indiki, həm gələcək nəslin nümayəndələrinə sağalmaz yaralar vurur.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova  erkən nikahın fəsadlarından bəhs edərək söyləyib ki,  erkən nikahlar əsasən valideynlərin təsiri ilə baş verir. Yetkinlik yaşına çatmayan qızların təfəkkürü kifayət qədər formalaşmadığından onlar düzgün seçim barədə qərar verə bilmirlər. Erkən nikahın əslində böyük məsuliyyətsizlik olduğunu diqqətə çatdıran natiq vurğulayıb ki, bu hal qızları təhsildən yayındırır, psixologiyasına mənfi təsir göstərir. Bu cür qızların ağır ailə məsuliyyətini, ağır ailə yükünü öz zərif çiyinlərində daşımağa gücləri çatmır. S.Qəhrəmanova bundan başqa bələdiyələrin tərkibində yaradılmış gender bərabərliyi komissiyasının işinin vacibliyini vurğulamışdır.

Digər çıxış edənlər, erkən nikahın bağlanmasının dünyaya gələn körpələrin həyatında, sağlamlığında yaratdığı fəsadlardan və bu fəsadların sağlam cəmiyyətin gələcəyi üçün yaratdığı təhlükədən söhbət açıblar.

Keçidlər