Yardımlıda “Erkən nikah və onun fəsadları” mövzusunda tədbir keçirilib.
Yardımlı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonun Bozayran kənd tam orta məktəbində İdeoloji Maarifləndirmə Konsepsiyasına uyğun olaraq “Erkən nikah və onun fəsadları” mövzusunda tədbir keçirilib.
Tədbirdə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısının müavini–İctimai–siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova, Rayon Gənclər və İdman idarəsinin rəisi Şəhriyar Şabiyev, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Yardımlı nümayəndəliyinin direktoru Səfail İbişli, Yardımlı rayon Polis şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun inspektoru, polis baş leytenantı Tural Quliyev və Bozayran kənd tam orta məktəbinin müəllim və şagirdləri iştirak etmişdir.
Əvvəlcə Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Yardımlı Rayon İcra Hakimiyyətinin başçısının müavini Əfsanə Məmmədova çıxış edərək erkən nikahın səbəblərindən, onun yaratdığı fəsadlardan, cəmiyyətin bu mövzuda maarifləndirilməsindən ətraflı danışıb. Bildirib ki, azyaşlıları erkən nikaha cəlb edən hər kəs, o cümlədən, valideynlər qanunla müvafiq olunmuş qaydada məsuliyyətə cəlb edilir. O, yeniyetmə və gənclərimizə təhsil almalarını, idmanla məşğul olmalarını, milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda böyümələrini və cəmiyyətdə sağlam fərdə çevrilmələrini tövsiyə edib.
Digər çıxışlarda diqqətə çatdırılıb ki, erkən nikah qanun pozuntusu olmaqla yanaşı, həm də insan psixologiyasına, xüsusilə də azyaşlı qızların sağlamlığına təhlükə yaradır. Erkən nikahla bağlı problemlərin aradan qaldırılması baxımından maarifləndirici tədbirlərin təşkili, yeniyetmə və gənclərlə müntəzəm olaraq görüşlərin keçirilməsi, onlara milli və mənəvi dəyərlərin aşılanmasının böyük əhəmiyyət kəsb etdiyi bildirilib.
Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.