Yardımlıda “Erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələri” mövzusunda maarifləndirici tədbir keçirilib.
Yardımlı Rayon İcra Hakimiyyətinin və Yardımlı rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə “Erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələri” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə RİH başçısının müavini Əfsanə Məmmədova çıxış edərək bildirmişdir ki, ölkə qanunlarına əsasən 18 yaşını tamamlamayan hər bir şəxs uşaq sayılır, 18 yaşdan əvvəl həyata keçirilən evliliklər erkən evlilik hesab olunur və bu qanun pozuntusu sayılır. Digər tərəfdən də erkən yaşda uşaqlar ailə qurmağa fizioloji, psixoloji cəhətdən hazır olmurlar və bu cür erkən nikahlar sonradan onların həyatında bir sıra böyük fəsadlar yaradır. Bu fəsadlar məişət zorakılığından tutmuş, doğuş zamanı ana-uşaq ölümləri və fiziki-psixoloji çətinliklərə kimi bir çox problemlərə yol açır. Belə hallara qanunvericiliklə icazə verilən yaşda ailə quranlarla müqayisədə, erkən nikaha girən ailələrdə daha çox rast gəlinir.
Digər çıxış edənlər, erkən nikahların qarşısının alınması üçün həyata keçirilən profilaktik tədbirlərin daha təsirli olması və nəticə verməsi üçün bu tərz maarifləndirmə işlərinin yalnız uşaqlar və şagirdlər arasında aparılmasının kifayət olmadığını bildiriblər. Sonda "erkən nikah yaşı və onun fəsadları" barədə videoçarx nümayiş etdirilib.