Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda “Heydər Əliyev və Azərbaycan dili” adlı dəyirmi masa keçirilib.

01 avqust 2023 | 16:22

Avqustun 1-də müstəqil Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ölkəmizdə elan edilmiş “Heydər Əliyev İli” çərçivəsində Yardımlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan dili” adlı dəyirmi masa keçirilib.

Dəyirmi masada RİH başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova, RİHBA-nın şöbə müdirləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri və müəllimlər iştirak ediblər.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan RİH başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova  ana dilimizin tarixi keçmişindən, Azərbaycan dilinin kənar təsirlərdən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndər Heydər Əliyevin əvəzedilməz xidmətlərindən danışıb. Bildirib ki, Ümummilli Liderin 2001-ci il iyunun 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, həmin il avqustun 9-da imzaladığı “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərmanlar ana dilimizin qorunması və inkişafı baxımından dahi rəhbərin göstərdiyi misilsiz xidmətlərdəndir. Hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi fəxarətlə qeyd edilir.

Tədbirdə çıxış edənlər bildiriblər ki, bütün süni məhdudiyyətlərə rəğmən Ulu Öndər Heydər Əliyev ana dili məsələsində öz mövqeyini hər zaman çox qətiyyətlə qorumağa müvəffəq olmuşdur. Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdir. Bütün maneələrə və çətinliklərə baxmayaraq ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Lider Heydər Əliyevin siyasi xətti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inamla davam etdirilir. Qeyd olunub ki, milli kimliyimizin pasportu olan ana dilimizi qorumaq hər birimizin vətəndaşlıq borcumuzdur.

Keçidlər