Yardımlıda "Mənim hüquqlarım" adlı tədbir keçirilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü , Yardımlı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən “Mənim hüquqlarım” adlı təşviqat avtobusu layihəsi çərçivəsində növbəti səfər 8, 9, 10 avqust 2023-cü il tarixlərində Yardımlı rayonunun Çay Üzü, Avaş, Vərgədüz, Bərcan və Aşağı Astanlı kəndlərinə təşkil edilib.
Regionlarda yaşayan uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə davam edən təlimlərdə 107 uşaq iştirak edib.
Səfər zamanı uşaqların öz hüquqları ilə bağlı maarifləndirilməsi məqsədilə, Yardımlı Rayon İcra Hakimiyyətinin əməkdaşı Kərəm Hüseynov, Dövlət Komitəsinin əməkdaşı Nurlana Qaraxanova, təlimçilər - “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin əməkdaşı Aynur Məmmədova və “JOY” Uşaq İnkişaf Mərkəzinin mütəxəssisi, psixoloq Lalə Vəliyeva tərəfindən uşaqlar arasında müxtəlif qrup işləri keçirilib, müzakirələr aparılıb, uşaq hüquqları haqqında məlumatlandırıcı çap materialları və yapışqanlı stikerlər paylanılıb.