Yardımlıda “Narkomaniya, dini radikalizm, erkən nikah və onun fəsadları” mövzularında maarifləndirici tədbir keçirilib.
Yardımlı Rayon İcra Hakimiyyətinin və Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə rayonun Avaş kənd tam orta məktəbində “Narkomaniya, dini radikalizm, erkən nikah və onun fəsadları” mövzularında maarifləndirici tədbir keçirilib.
Tədbirdə RİH başçısının müavini Əfsanə Məmmədova, Təhsil sektorunun nümayəndələri, RPŞ-nin əməkdaşları, məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.
Görüşdə çıxış edən Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Arif Babayev narkotik vasitələrin insan sağlamlığına vurduğu zərərlərdən danışıb. O, bildirib ki, qeyd edilən vasitələrin qanunsuz dövriyyəsinin və satışının qarşısının alınması istiqamətində hüquq mühafizə orqanları əməkdaşları tərəfindən qətiyyətli əməliyyat tədbirləri keçirilir və hər gün onlarla bu cinayət əməli ilə məşğul olan şəxs saxlanılaraq məsuliyyətə cəlb olunur.
Yardımlı RİH başçısının müavini Əfsanə Məmmədova çıxışında yeniyetmə vaxtlarında gənclərin, xüsusən də qızların ailə qurmasının onların gələcəkdə fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törətdiyini qeyd edərək, məktəblilərə təhsilləri barədə dəyərli tövsiyələr verib.
Sonra Yardımlı rayon Gənclər və İdman İdarəsinin rəisi Şəhriyar Şabiyev, Lənkəran-Astara regional Təhsil İdarəsinin Yardımlı rayonu üzrə Təhsil sektorunun müdiri Kamal Təhməzov və digərləri erkən nikaha daxilolma kimi neqativ halların ağır nəticələrindən danışıblar. Erkən nikahların yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olduğu bir daha diqqətə çatdırılıb.
Sonda mövzularla əlaqəli videoçarxlar izlənib və şagirdləri maraqlandıran suallar cavablandırılıb.