Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda rayon Ağsaqqallar Şurasının konfransı keçirildi.

27 may 2022 | 17:11

27 may  2022-ci il tarixdə  RİH-nin inzibati binasında Rayon Ağsaqqallar Şurasının konfransı keçirildi. Konfransdan öncə Yardımlı rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov və Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Elmira Süleymanova Ulu Öndər Heydər Əliyevin abidəsini və Şəhidlər Xiyabanını ziyarət edib gül dəstələri düzdülər və şəhidlərin ruhlarına dualar oxudular.
Daha sonra Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Konfransı giriş sözü ilə RİH başçısı Ayaz Əsgərov açaraq qeyd etdi ki, həmişə ağsaqqallarla görüşüb istək və təkliflər dinlənilmiş, onlarla fikir mübadiləsi aparılaraq faydalı məsləhətləri nəzərə alınmışdır. Elə ona görə də rayonumuzda aparılan quruculuq və abadlıq işlərində, sosial, mədəni sahələrdə uğurlarımızın sayı çox olmuşdur. Bildirildi ki, Ulu Öndərimiz Heydər Əliyev ağsaqqallara həmişə böyük qayğı və diqqət göstərmiş, onları “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandırmışdır. Bu qayğı və diqqət hal-hazırda da möhtərəm Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ölkə başçısının rəhbərliyi ilə müstəqil Azərbaycanın inkişafı və tərəqqisi naminə aparılan işlərdə ağsaqqalların rolu əvəzsizdir. Daha sonra icra başçısı vurğuladı ki, Ağsaqqallar Şurasının bu günkü toplantısı şanlı Zəfər tariximizin sevincini yaşadığımız Müstəqillik gününə təsadüf edir. 44 günlük Vətən müharibəsində Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımızı azad etdi. Bu şanlı Qələbədə rayonumuzun vətənpərvər gənclərinin də böyük payı oldu. Onlarla qəhrəman övladımız şəhid oldu, yaralı qazilərimiz doğma el-obaya qalib döyüşçülər kimi vüqarla qayıtdılar. Bu Qələbədə ağsaqqallarımızın mənəvi dəstəyi, öyüd-nəsihətləri də böyük rol oynadı.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Elmira  Süleymanova çıxış edərək ilk öncə Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Eldar Quliyevin rayon ictimaiyyətinə və konfrans iştirakçılarına salamlarını çatdırdı. O daha sonra bildirdi ki, əvvəlki iş fəaliyyətimlə əlaqədar olaraq Yardımlıda  dəfələrlə səfər etmişəm və şadam ki, rayonun  ağsaqqal və ağbirçəkləri ilə yenidən bir aradayam.  
Elmira xanım Süleymanova çıxışına davam edərək ötən illər ərzində görülən işlərdən, ağsaqqallar qarşısında duran vəzifələrdən ətraflı söhbət açdı. O, Şuranın Nizamnamə və Əsasnaməsindən irəli gələn vəzifələr barədə məlumat verdi, tövsiyələrini çatdırdı, yeni seçiləcək heyətə uğurlar arzuladı.  Konfransda Əməşov Etibar Böyükxan oğlu Yardımlı  Rayon Ağsaqqallar şurasının sədri seçildi,  həmçinin yeni İdarə Heyəti və Təftiş Komissiyası formalaşdırıldı.

Keçidlər