Yardımlıda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində tədbir keçirilib
Yardımlı Rayon İcra Hakimiyyətinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yardımlı RİH-nin Tədbirlər Planına uyğun olaraq “Azərbaycan memarlıq ənənələri-müasir çağırışlar” mövzusunda tədbir keçirilib.
Tədbirdə Yardımlı RİH Başçısının müavini – Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Miramil Səmədli, YAP Yardımlı rayon təşkilatının sədri Anar Alışov, aparatın məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri, RİH başçısının iəd üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda qeyd olunub ki, Azərbaycan memarlığının inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu əvəzsizdir. Ulu Öndərin təşəbbüsü ilə memarlıq sahəsində strateji yanaşmalar formalaşdırılmış, tarixi abidələrin qorunması, şəhərsalmanın müasir tələblərə uyğun təşkili və regionların memarlıq inkişafı prioritet istiqamət kimi müəyyən olunmuşdur.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan etməsinin ölkənin tikinti sektorunda yeni inkişaf mərhələsi yaratdığı, şəhər mədəniyyətinin inkişafına və memarlıq irsinin qorunmasına yüksək diqqətin göstəricisi olduğu qeyd edilib. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrinin tətbiqi, genişmiqyaslı abadlıq və quruculuq işlərinin aparılması, infrastrukturun müasir tələblər əsasında yenidən qurulması və ərazilərin sürətli dirçəldilməsi bu siyasətin ardıcıl və məqsədyönlü şəkildə davam etdirildiyinin əyani təzahürü olduğu bildirilib. Şəhərsalma proseslərində müasir innovasiyaların tətbiqi və regionların xüsusiyyətlərinə uyğun memarlıq yanaşmalarının əhəmiyyəti vurğulanıb.
Sonra iştirakçılar Heydər Əliyev Mərkəzində Ümummilli Liderin şərəfli ömür yolunu özündə əks etdirən foto-eksponatlara və Azərbaycan memarlıq nümunələrini əks etdirən kitablardan ibarət sərgiyə baxış keçiriblər.








