Yardımlıda taxıl biçininə hazırlıq işləri başa çatıb.
Yardımlı rayonunun taxıl sahələrində biçin kampaniyasına hazırlıq işləri başa çatıb. İlkin mərhələdə taxıl biçini nisbətən dağətəyi ərazilərdə arpa sahələrində aparılacaq.
Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayevin verdiyi məlumata əsasən 2025-ci ilin məhsulu üçün rayonda 2644 hektar sahədə taxıl əkilib. Bunun 2207 hektarını buğda, 391 hektarını arpa, 46 hektarını isə vələmir sahələri təşkil edir. Hazırda əsas diqqət biçin kampaniyasının vaxtında başa çatdırılmasına yönəlib. Dənli bitkilərin biçilməsini həyata keçirəcək istehsalçıların texnika sarıdan çatışmazlığının aradan qaldırılması üçün biçin kampaniyası növbəlilik əsasında aparılacaq. Taxılın yığılması, daşınması və saxlanması dövründə yanğın hadisələrinin baş verməməsi üçün təsərrüfatlarda lazımi təhlükəsizlik tədbirləri görülüb.