Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda təhsil işçilərinin konfransı keçirilib.

27 avqust 2026 | 13:19
27 avqust 2026-cı il tarixində Yardımlı Rayon Mədəniyyət Mərkəzində təhsil işçilərinin konfransı keçirilib.
Konfransda Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Tədrisin Keyfiyyəti sektorunun müdiri Namiq Aslanov, Yardımlı rayonu üzrə təhsil sektorunun müdiri Kamal Təhməzov və təhsil işçiləri iştirak ediblər.
Tədbir Ümummilli Lider Heydər Əliyevin abidəsinin ziyarəti ilə başlayıb. İştirakçılar abidənin önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Daha sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərovun təbrik məktubu Rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Miramil Səmədli tərəfindən səsləndirilib. Təbrik məktubunda təhsilin rayonun inkişafında mühüm rol oynadığı vurğulanıb, rayonun təhsil sisteminin inkişafı, təhsil infrastrukturunun yaxşılaşdırılması və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində həyata keçirilən tədbirlər barədə fikirlər bildirilib.
Lənkəran-Astara Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Namiq Aslanov çıxışında ötən tədris ilinin nəticələrinə toxunaraq tədrisin keyfiyyətinin artırılması, nəticələrin sistemli təhlili, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi və təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin yüksəldilməsi ilə bağlı əsas istiqamətləri diqqətə çatdırıb.
Daha sonra Yardımlı rayonu üzrə təhsil sektorunun müdiri Kamal Təhməzov 2025–2026-cı tədris ilinin yekunlarına dair hesabat təqdim edib. Hesabatda rayonun ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrinin fəaliyyəti, şagirdlərin qiymətləndirmə və buraxılış imtahanlarının nəticələri, əvvəlki illərlə müqayisəli göstəricilər, əldə olunan nailiyyətlər, eləcə də mövcud çətinliklər və onların səbəbləri ətraflı təhlil edilib.
Konfransda IV və VI siniflər üzrə keçirilmiş monitorinqlərin nəticələri, eləcə də IX və XI siniflər üzrə buraxılış imtahanlarının göstəriciləri əvvəlki illərlə müqayisəli şəkildə təhlil edilib, əldə olunan nəticələrin inkişaf dinamikası və qarşıda duran hədəflər müəyyənləşdirilib.
Yeni tədris ilində təhsil nəticələrinin yüksəldilməsi, məktəbdaxili qiymətləndirmənin səmərəli təşkili, şagirdlərlə məqsədyönlü işin gücləndirilməsi, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi və məktəb idarəetməsinin təkmilləşdirilməsi əsas fəaliyyət istiqamətləri kimi diqqətə çatdırılıb.
Konfrans çərçivəsində qarşıda duran vəzifələr və yeni tədris ilinin əsas hədəfləri ətrafında fikir mübadiləsi aparılıb, təhsil müəssisələrinin rəhbərlərinə müvafiq tövsiyələr verilib.
Keçidlər