Yardımlıda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.
Bu gün Yardımlı rayon Mədəniyyət Mərkəzində “Heydər Əliyev müsair, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur” mövzusunda konfrans keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin Başçısı Ayaz Əsgərov, Milli Məclisin deputatları Musa Qasımlı, Anar İsgəndərov, Məşhur Məmmədov, YAP Mərkəzi Aparatının məsul işçisi Əli Axundov, YAP Yardımlı rayon təşkilatının sədri Anar Alışov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə-müəssisə və təşkilatların əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə ediblər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin azadlığı, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Daha sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbiri YAP Yardımlı rayon təşkilatının sədri Anar Alışov açaraq, Ümummilli Lider Heydər Əliyevin həyatı, zəngin və çoxşaxəli fəaliyyətindən, eləcə də müstəqil Azərbaycan dövlətinin inkişafı naminə həyata keçirdiyi müstəsna xidmətlərindən bəhs edib.
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov qəlbi daim vətən eşqi ilə döyünən, bütün varlığı ilə xalqına bağlı olan, millətini zamanın sərt sınaqlarından yüksək məharətlə çıxaran müdrik lider Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən danışıb. Qeyd edib ki, hər birimiz Ümummilli Lider Heydər Əliyevin dövlətçilik amallarına sadiq qalaraq Ulu Öndərin yüksək ideyalarını yaşatmaq və inkişaf etdirmək, Azərbaycan tarixinin yeni şanlı səhifələrini yazmaq naminə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək, əlimizdən gələni əsirgəməməli, dövlət başçısının yüksək etimadına uyğun olaraq ölkəmizin hərtərəfli tərəqqisi üçün öz vəzifələrimizi layiqincə yerinə yetirməli və daha əzmkarlıqla çalışmalıyıq.
Milli Məclisin deputatı Anar İsgəndərov bildirib ki, müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir.
Milli Məclisin deputatı Musa Qasımlı ölkəmizin əldə etdiyi bütün nailiyyətlərin təməlində Ulu Öndər Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində müəyyənləşdirilən hərtərəfli inkişaf strategiyasının dayandığını vurğulayıb.
Milli Məclisin deputatı Məşhur Məmmədov dünya şöhrətli siyasətçinin tarixdəki rolu, eləcə də vətəni və xalqı qarşısındakı misilsiz xidmətləri barədə çıxış edib.
Ədalət Qarayev və Aygün Şabiyeva Ümummilli Lider Heydər Əliyevin mənalı həyatı və misilsiz xidmətlərindən danışaraq, Azərbaycan xalqının tarixində və dövlətçilik fəaliyyətində müstəsna xidmətləri olan bir şəxsiyyət olduğunu vurğulayıblar.
Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalı fəxri fərmanla təltif edilib.