Yardımlıda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub.
Yardımlıda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü təntənəli şəkildə qeyd edilib. Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və ictimaiyyət nümayəndələri ilk öncə Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Heydər Əliyev mərkəzində dahi şəxsiyyətin dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar. Daha sonra Ümummilli Liderimizin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra Ümummilli Lider Heydər Əliyevin öz Vətəni, xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıblar. Vurğulanıb ki, şərəfli ömür yolunu ölkəmizin tərəqqisinə və parlaq gələcəyinə həsr edən Ümummilli Lider Heydər Əliyev xalqımızı zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxararaq müasir dövlətçiliyimizin siyasi-ideoloji əsaslarını formalaşdırıb. Ulu Öndərin fəaliyyəti nəticəsində vətəndaş müharibəsinin, dövlət müstəqilliyinin itirilməsi təhlükəsinin qarşısı qətiyyətlə alınıb, ölkənin iqtisadi və siyasi böhrandan xilasını təmin edən zəruri tədbirlər görülüb, Azərbaycan sürətli inkişaf yoluna qədəm qoyub. Bu gün regionun qüdrətli bir dövlətinə çevrilən Azərbaycan Ulu Öndərin layiqli davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə işıqlı sabaha doğru inamla irəliləyir.