Yardımlıda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib.
Yardımlı rayonunda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə Yardımlı Rayon İcra Hakimiyyətinin Başçısı Ayaz Əsgərov, YAP Yardımlı rayon təşkilatının sədri Anar Alışov, hüquq-mühafizə orqanlarının rəhbərləri, aparatın əməkdaşları, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, idarə, müəssisə, təşkilatların kollektivləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra rayon Heydər Əliyev Mərkəzində Ümummilli Liderin şərəfli ömür yolunu əks etdirən fotoşəkillərdən ibarət sərgiyə baxış keçirilib.
Tədbirdə müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin böyük, mənalı və şərəfli həyat yolu, zəngin və çoxşaxəli irsi haqqında söhbət açaraq qeyd edib ki, Ümummilli Liderimizin böyük fədakarlıqları hesabına Azərbaycanın müstəqilliyinin əbədiliyi, daimiliyi, dönməzliyi təmin edilib. Ulu Öndərin Azərbaycanı tənəzzüldən xilas edərək çıxardığı tərəqqi yolu dövlət başçısının rəhbərliyi ilə uğurla inkişaf etdirilir, dövlətimiz gündən-günə iqtisadi, siyasi və hərbi cəhətdən daha da möhkəmlənir. Dahi rəhbərin əsasını qoyduğu ordu quruculuğu işlərinin layiqincə davam etdirilməsi nəticəsində ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Ulu Öndərin ən ümdə vəsiyyətini yerinə yetirərək doğma torpaqlarımızın erməni işğalından azad edilməsinə nail oldu. Biz xalq olaraq özümüzü xoşbəxt hesab edirik ki, Azərbaycan tarixində son yüzilliklərin ən parlaq qələbə tarixinin və gələcək nəsillərin böyük qürur hissi ilə xatırlayacağı günlərin canlı şahidlərinə çevrildik.
Çıxış edən YAP Yardımlı rayon təşkilatının sədri Anar Alışov bildirib ki, bu gün əziz xatirəsini böyük ehtiramla yad etdiyimiz Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin xilaskarı və qurucusu kimi müasir tariximizdə silinməz iz qoymuşdur. Onun məqsədyönlü siyasəti nəticəsində Azərbaycan taleyüklü sınaqlardan uğurla çıxaraq müstəqil dövlət kimi davamlı inkişaf yoluna qədəm qoymuşdur.
Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunub saxlanılmasında, möhkəmləndirilməsində Dahi Rəhbərin misilsiz xidmətlərindən, şərəfli və mənalı ömür yolundan, Azərbaycan təhsilinin inkişafında, gənclərin hərtərəfli, vətənpərvərlik ruhunda yetişməsində müstəsna xidmətlərindən ətraflı danışıblar. Onlar Ulu Öndər Heydər Əliyev siyasi kursunun bu gün Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənabları tərəfindən böyük uğurla davam etdirildiyini xüsusi vurğulayıblar.
Daha sonra tədbir möhtəşəm konsert proqramı ilə davam etdirilib.








