Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda Vətən müharibəsi iştirakçılarına "Müharibə Veteranı" vəsiqələri təqdim olunub

16 fevral 2023 | 13:02

Yardımlı rayonunda Vətən müharibəsi iştirakçılarına “Müharibə Veteranı” vəsiqəsinin verilməsi ilə bağlı tədbir keçirilib. Tədbirdə RİH başçısı Ayaz Əsgərov, YAP Yardımlı rayon təşkilatının sədri Anar Alışov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon bölməsinin rəisi polkovnik-leytenant Yusif Əhmədov, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əməkdaşı mayor Rasim İsmayılov,  şəhid ailələri və Vətən müharibəsi iştirakçıları iştirak etmişdir.

Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov çıxışında qeyd edib ki, Vətən müharibəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçuları gözlərini qırpmadan ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib, canlarını fəda edib, Azərbaycan Ordusunun qüdrətini bütün dünyaya nümayiş etdiriblər. Şəhidlərimizin və qazilərimizin hər birinin şücaəti, qəhrəmanlığı bu gün də, gələcəkdə də yetişən yeni nəsillərə vətəndaşlıq, vətənpərvərlik nümunəsidir. RİH başçısı qeyd edib ki, ölkəmizdə şəhid adı daim uca tutulur, onların Vətən qarşısındakı xidmətləri yüksək qiymətləndirilir, dövlət təltiflərinə layiq görülürlər.

Şəhid atası Ədalət Qarayev bildirib ki, Vətənə sədaqət andı içib ordu sıralarında xidmət edən igid oğullarımız Vətən torpağına olan sevgilərini və onun yolunda nələrə qadir olduqlarını 44 günlük Vətən müharibəsində sübuta yetirdilər. Qeyd olunub ki, Vətən müharibəsində iştirak edən, şəhid olan qəhrəmanların şücaəti gələcək nəsillərə örnəkdir və onların sırasında Yardımlının da mərd oğulları çoxdur.

Sonra vəsiqələrin təqdimatı olub, qazi və Vətən müharibəsi iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.

Keçidlər