Yardımlıda Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar tədbir keçirilib
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, YAP Yardımlı Rayon Təşkilatının sədri Anar Alışov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri və qazilər Şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edərək önünə tər çiçəklər düzüb, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
İlk öncə Xocalı faciəsi qurbanlarının və Azərbaycanın müstəqilliyi, bötövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov Azərbaycan xalqına qarşı ermənilərin törətdikləri kütləvi cinayətlər sırasında Xocalı soyqırımının xüsusi amansızlıqla seçildiyini diqqətə çatdırıb. RİH başçısı hadisələrin beynəlxalq müstəvidə lazımınca qiymətləndirilməsi istiqamətində dövlət tərəfindən atılan addımlar, Vətən müharibəsində qazanılan tarixi qələbə ilə alınan qisasdan, eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqları əsasında dövlət səviyyəsində müharibə əlilləri, şəhid ailələri və qazilərimizə göstərilən diqqət və qayğıdan danışıb.