Yardımlıda "Yeniyetmə və gəncləri dini radikalizm və ekstremizmdən qoruyaq!" mövzusunda seminar keçirildi.
Yardımlı şəhər 4 saylı tam orta Məktəbin akt zalında Yardımlı Rayon İcra Hakimiyyəti, Rayon Gənclər və İdman İdarəsi, Rayon Təhsil Şöbəsi və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilib.
Tədbirdə çıxış edən Yardımlı Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Elbəy Fətəliyev gənclərə ölkədə həyata keçirilən Dövlət Gənclər siyasəti haqqında ətraflı məlumat vermiş və mövzu haqqında fikirlərini bölüşərək bildirmişdir ki, dini radikalizm və ekstremizmə qarşı ən effektiv mübarizə üsulu yeniyetmə və gənclərin öz milli-mənəvi irsimizə bağlı vətənpərvər vətəndaş kimi böyüməsi və fəaliyyət göstərməsidir. O, həmçinin Vətən müharibəsində müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun qazandığı tarixi zəfərdə canı və qanı ilə mübarizə aparan soydaşlarımızın bir bayraq, bir ideologiya: "Azərbaycançılıq" ideologiyası ətrafında birləşməsini böyük qürur hissi ilə xatırlayaraq bütün gənclərimizi Dövlətimizin ətrafında sıx birləşməyə səsləmişdir.
Digər çıxış edənlər də, ölkədə dövlət-din münasibətlərinin vəhdətindən, gənc nəslin milli vətənpərvər ruhda böyüməsinin əhəmiyyətindən ətraflı şəkildə söz açmışlar.
Sonda Vətən müharibəsində şanlı Azərbaycan Ordusunun qazandığı zəfərə həsr olunmuş "Azərbaycan naminə" filmi nümayiş olundu.