Yardımlıda yüksək bal toplayan tələbələrlə görüş keçirilib
Yardımlı Rayon İcra Hakimiyyətində qəbul imtahanlarında 600-dən yuxarı bal toplayaraq tələbə adını qazanan məzunlarla görüş keçirilib. Görüşdə RİH başçısı Ayaz Əsgərov, müavinləri, şöbə müdirləri, təhsil sektorunun müdiri, ATİAHİ Yardımlı rayon komitəsinin sədri və məzunlar iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov tələbə adını qazanan gəncləri təbrik edib, onlara uğurlar arzulayıb, yüksək bilikli mütəxəssis kimi yetişməyi və Vətənə ləyaqətlə xidmət göstərməyi tövsiyə edib. Ölkəmizdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən söz açan rayon rəhbəri vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilə və onun inkişafına böyük diqqət yetirib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də bu ənənələrə sadiq qalaraq təhsilin inkişafını həmişə diqqətdə saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirir.
Bu il rayonun 160 məzunu tələbə adına layiq görülüb, onlardan 8-i 600-dən yuxarı nəticə göstərib.
Digər çıxış edənlər məzunları yüksək nəticələrlə tələbə adına layiq görülmələri münasibətilə təbrik edib və nailiyyətlərinin davamlı olmasını arzulayıblar.
Sonda qəbul imtahanlarında yüksək bal toplayan tələbələrə qiymətli xatirə hədiyyələri təqdim edilib.