Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr edilmiş tədbir keçirilmişdir.

06 may 2022 | 09:06
Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr edilmiş “Heydər Əliyev və Azərbaycançılıq” mövzusunda Video-Konfrans formatında tədbir keçirilmişdir.
Tədbiri YAP Yardımlı rayon təşkilatının sədri Anar Alışov açmış və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Yeni Azərbaycan Partiyası Yardımlı Rayon Təşkilatının sədri Anar Alışov çıxış edərək bildirmişdir ki, hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar vardır. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür.
Müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik Liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.
Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99 illik yubileyi ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur.
Ulu öndərin keçdiyi böyük, mənalı və şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır. Ümummilli Lider Heydər Əliyevin xarakterində və fəaliyyətində doğma xalqına bağlılıq və təəssübkeşlik hələ gənc yaşlarından özünü göstərirdi. Naxçıvanda sadə, zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya göz açan bu böyük insan hələ gəncliyindən yüksək vəzifələr tutmuş, çiyinlərində böyük bir ölkənin yükünü daşımışdır.
Məruzə ətrafında çıxışlarda YAP Yardımlı rayon təşkilatının fəallarından olan Urakəran ərazi partiya təşkilatının sədri Nəsirov Tofiq, Gavran ərazi partiya təşkilatının sədri Mustafayev Fərman və "Unikal Education Yardımlı Tədris Mərkəzi"nin direktoru, Horavar kənd tam orta məktəbinin gənc müəllimi Nurlan Hüseynov Ulu Öndərin həyat və fəaliyyəti barədə geniş söhbət açmışlar.
Keçidlər