“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2022- ci ildə görülən işlərin hesabatı
“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2022- ci ildə görülən işlərin hesabatıYardımlı Rayon İcra Hakimiyyətində 2022-ci il ərzində “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq etik mövzuları əhatə edən etika məsələləri üzrə tədris və treninqlərin həyata keçirilməsi sahəsində bir sıra işlər görmüşdür.
Rayon İcra hakimiyyəti tərəfindən inzibati ərazi dairələri üzrə nümayəndəliklərində və digər aidiyyatı təşkilatlarda təşkil olunmuş tədbirlərdə dövlət qulluqçularına vicdanlı və mədəni davranış, loyallıq, ictimai etimad, qərəzsizlik, maraqlar toqquşmasının qarşısının alınması, insanların hüquq və qanuni maraqlarına, şərəf və ləyaqətinə, işgüzar nüfuzuna, eyni zamanda, hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət və digər etik davranış qayda və prinsipləri, onlara əməl edilməsi məsələlərini əhatə edən etika, antikorrupsiya məsələləri üzrə təlimlər keçirilmişdir.
Eyni zamanda, dövlət qulluqçularından gözlənilən davranış barədə vətəndaşların məlumatlandırılması, dövlət orqanlarının və dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə, vətəndaşlara təsir imkanlarının genişləndirilməsi işi davam etdirilmiş, dövlət qulluqçularının qeyri-etik davranışı barədə şikayət etmək imkanlarının genişləndirilməsinə tamamilə şərait yaradılmışdır.
Yardımlı Rayon İcra Hakimiyyətinin İş planına əsasən İcra Hakimiyyəti başçısı aparatının,inzibati ərazi dairələri üzrə nümayəndəliklərin, rayonun müvafiq idarə, müəssisə və təşkilatların fəaliyyətinin təkmilləşdirilməsi,onların fəaliyyətində şəffaflığın artırılması, vətəndaşların birbaşa daxili nəzarət orqanlarına müraciət imkanlarının yaradılması, daxili nəzarət orqanları tərəfindən müraciətlərə operativ və qısa müddət ərzində baxılması məqsədi ilə əməli тədbirlər həyata keçirilmişdir. Bütün bunlarla yanaşı, təşkil olunmuş treninqlərdə dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, dövlət orqanlarına və dövlət qulluqçularına vətəndaşların etimadının yüksəldilməsi, dövlət orqanlarının və dövlət qulluqçularının fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması və digər etik mövzularla bağlı təbliğat işi daha da təkmilləşdirilmişdir.
Rayon İcra hakimiyyəti aparatında etik davranış məsələləri üzrə təşkil olunmuş treninqlərdə ərazi icra nümayəndələrinin, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı təmin edilərək aparatın məsul işçilərinin və Məhkəmə, Prokurorluq orqanlarının rəhbərlərinin video konfrans farmatında mühazirələri dinlənilmiş, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun məqsəd və mahiyyəti, prinsipləri və qarşıya qoyduğu vəzifələr açıqlanaraq dövlət qulluqçularının maariflənməsi, peşəkarlıq və fərdi məsuliyyətin artırılması sahəsində görülən tədbirlər davam etdirilmişdir.
Müvafiq fəaliyyət planına uyğun olaraq rayon rəhbərliyinin ictimaiyyətinin iştirakı ilə təşkil etdiyi tədbirlər və aparılan müzakirələr rayon İcra Hakimiyyəti aparatının mövcud internet səhifəsində yerləşdirilərək bu barədə əhalinin məlumatlandırılması təmin olunmuşdur.
Dövlət orqanlarının fəaliyyəti sahəsində tədbirlər həmin orqanların işinin təkmilləşdirilməsinə, onların fəaliyyətində peşəkarlığın, hesabatlılığın və şəffaflığın artırılmasına yönəlmişdir. Bununla yanaşı, aparılmış islahatlar nəticəsində RİHB aparatında və RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində vakant ştatlara ali təhsilli kadrların yerləşdirilməsi işi qanunvericiliyə uyğun olaraq həyata keçirilmişdir.
Məsələ ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dövlət orqanlarında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatına uyğun olan vakanat vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün vakant vəzifələrin siyahısı mütəmadi olaraq Azərbaycan Respublikası Prezidenti Administrasiyasına təqdim olunur. Beləliklə, Dövlət qulluğuna ixtisaslı və peşəkar kadrların, Dövlət İmtahan Mərkəzindən sertifikat alan gənclərin işə götürülməsi işi müvəffəqiyyətlə həyata keçirilir.
Bütün bunlarla yanaşı, İş planına uyğun olaraq dövlət qulluqçularının peşəkarlığının artırılması məqsədilə dövlət qulluqçularının ixtisasartırma üzrə ehtiyaclarının müəyyən edilərək onların müvafiq kurslara və treninqlərə cəlb edilməsi təmin edilir.
Eyni zamanda, rayon İcra Hakimiyyəti tərəfindən etik davranış qaydalarına əməl olunmasına nəzarət olunur və etik davranış qaydalarına əməl olunmasına nəzarət “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq həyata keçirilir.
Onu da qeyd etmək lazımdır ki, görülən tədbirlər sayəsində etik qaydaların pozulması ilə əlaqədar 2022-ci il ərzində hər hansı şikayət daxil olmamışdır.
“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn bütün vəzifələr bundan sonra da tərəfimizdən rəhbər tutulacaq və bu vəzifələrin həyata кеçirilməsi işi mütəmadi olaraq icra ediləcəkdir.